Avqustun 28-də başlayacaq Paralimpiya Oyunları ilə əlaqədar Parisdə əlilliyi olan insanlar üçün əlçatanlıq məsələsi gündəmə gəlib. Liftləri olmayan metro stansiyalarındakı dəhlizlər və pilləkənlər, həmçinin qatarların hündürlüyünə uyğunlaşdırılmayan platformalar metropoliten şəbəkəsini əlillər üçün hərəkətliliyin qara nöqtəsinə çevirib.
NUHÇIXAN xəbər verir ki, artıq illərdir İl-de-Fransda əlillərin ictimai nəqliyyata əlçatanlığını təmin etməklə bağlı layihə irəli sürülsə də, heç vaxt təsdiqini tapmayıb. Paris meriyasının əlçatanlığa məsul müavini Paralimpiya Oyunlarından sonra layihənin lehinə çıxış ediləcəyini bildirib. Nəqliyyatın təşkili üzrə (Île-de-France Mobilités (IDFM)) orqanın regional məsləhətçisi və inzibatçısı isə tarixi məhdudiyyətlərə görə nəqliyyat şəbəkəsini 100% əlçatan etməyin qeyri-mümkün olduğunu bildirib.
XX əsrin əvvəllərində dizayn edilmiş, gediş-gəlişi çətin olan pilləkənləri və qapıları olan Paris metrosunda 300-dən çox stansiyaya xidmət edən 16 xətt var. İl-de-Fransın bir milyona yaxın sakini və 2,1 milyon Paris əhalisinin 8 faizi əlilliyə malikdir. Paralimpiya Oyunları yaxınlaşdıqca (28 avqust - 8 sentyabr) iki xətt üzrə (11 və 14) cəmi 29 metro stansiyasına giriş mümkündür.
Şəhər meriyasına və IDFM-ə görə tramvay və avtobus xətləri 100 faiz əlçatandır. Ancaq bunun da doğru olmadığı qeyd edilir. Belə ki, bunun üçün dayanacaqların 70%-nin əlçatan olması lazımdır. Çox vaxt avtobus dayanacağına çatmaq üçün əlil arabasında olanlar əmək qabiliyyətli insanlardan daha uzun yol qət etməli olurlar. IDFM əmin edir ki, İl-de-Fransada (RER, Intercités, TER) şəbəkənin 95 faizini özündə cəmləşdirən beş stansiyadan dördü Oyunlar üçün uyğunlaşdırılıb. Ancaq əlil idmançılar isə nəqliyyata əlçatanlığın hələ də çətin olmasından şikayətlənirlər.
Əlillər bildirirlər ki, Sena çayının təmizlənməsinə xərclənmiş və bu gün heç bir nəticə verməyən 1,5 milyard avro Paris metrosuna sərf edilsə idi, bir neçə xəttin əlçatanlığı təmin edilmiş olardı.