Ermənistanın Baş nazirinə onun müxalifətdə və parlamentin üzvü olduğu dövrdə ölkənin Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması məsələsində lobbiçilik etməsi və qanunvericilik qaydasında təşəbbüslə çıxış etməsini xatırladıblar. Avrasiya İqtisadi Birliyinin Moskvadakı baş qərargahında Nikol Paşinyana sual veriblər ki, indi hakimiyyətdə olduğunuz müddətdə bu təşəbbüsün reallaşdırılması ilə bağlı nə düşünürsünüz?
NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, sualın heç də münasib olmadığını başa düşən baş nazir uğursuz sayılacaq “İslam dövləti” müqayisəsi aparıb. O deyib: “Əgər biz bu addımların (Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyün –AZƏRTAC) səhv olduğunu hesab ediriksə, onların düzəldilməsi üçün birdən-birə əks addımların atılması da doğru deyil. Misal gətirim. Barak Obama hesab edirdi ki, Corc Buş İraqa qoşun yeritməklə səhv addım atıb. Qoşunları çıxardılar və əvəzində nə baş verdi? “İslam dövləti” yarandı. Düşünürəm ki, bu, ibrətamiz bir faktdır”.
Ermənistanın baş naziri əlavə edib ki, onun ölkəsi hər iki təşkilatdan faydalanmalıdır. Lakin rusiyalı ekspertlər onun bu fikirlərinin Moskvadan qorxması ilə bağlı olduğu qənaətindədirlər. Yerevanda isə Paşinyana müxalif olan qüvvələr bəyan ediblər ki, baş nazirin bütün vədləri kimi, bu təşəbbüsləri də yalnız onun hakimiyyətə gəlməsi məqsədi daşıyıb.