Qırğızıstanda feyk məlumatların yayılmasına görə cəza tətbiq edilə bilər

A- A A+

Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi mediada, internetdə və sosial şəbəkələrdə feyk xəbərlərin və dezinformasiyanın yayılmasına görə cəza tətbiq edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb.

NUHÇIXAN Qırğızıstan mediasına istinadla xəbər verir ki, Hüquqpozmalar Məcəlləsinə dəyişiklik edilməsi barədə müvafiq qanun layihəsi ictimai müzakirəyə çıxarılıb.

Belə ki, sənədə əsasən, ictimai maraqların müdafiəsini təmin etmək, vətəndaşların hüquq və azadlıqlarını qorumaq, informasiya təhlükəsizliyini təmin etmək məqsədi ilə müvafiq dəyişikliklərin edilməsi təklif olunur.

Sənəddə deyilir: “Yanlış məlumatlar təşvişə səbəb ola, iğtişaşlar törədə, ictimai asayişi poza, beynəlxalq münaqişələr də daxil olmaqla, təbliğat və dezinformasiya vasitəsi kimi istifadə edilə bilər. Dezinformasiya, həmçinin seçkilərə təsir edə, namizədləri, partiyaları və ya dövlət qurumlarını nüfuzdan sala bilər. Fırıldaqçılar yalan məlumatlardan da istifadə edirlər”.

Nazirlik Hüquqpozmalar Məcəlləsinə “Kütləvi informasiya vasitələrindən, internet saytından, internet səhifəsindən, sosial şəbəkələrdən istifadə etməklə yalan məlumatların yayılması” maddəsini əlavə etməyi planlaşdırır.

Bu maddənin pozulmasına görə fiziki şəxslər üçün 100 min som (1,1 min ABŞ dollarından bir qədər çox), hüquqi şəxslər üçün 200 min som (2,3 min ABŞ dolları) məbləğində cərimə tətbiq edilməsi təklif olunur.

Nazirlik hesab edir ki, yeni qanun qəbul olunarsa, informasiya hücumları təhlükəsi azalacaq və informasiya məkanının kənar təsirlərdən qorunması təmin ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: