ABŞ, Fransa, Avstraliya və Yaponiyadan olan beynəlxalq alimlər qrupu qlobal istiləşməni sürətləndirən güclü istixana qazı olan metan emissiyalarında əhəmiyyətli artım aşkar edib.
NUHÇIXAN xəbər verir ki, tədqiqat “Environmental Research Letters” (ERL) elmi jurnalında dərc olunub.
Metan karbon qazı ilə müqayisədə planetin atmosferində istiliyi 23 dəfə daha səmərəli saxlayır. Təhlil göstərib ki, 2020-ci ildə dünyada 608 milyon ton metan havaya atılıb ki, bu da 2000-ci illə müqayisədə 12 % çoxdur. Metanın atmosferə daxil olmasının əsas mənbəyi insan fəaliyyətidir.
Antropogen emissiyalar iyirmi ildə 18 % artıb. Müqayisə üçün, eyni dövrdə təbii qaz emissiyası yalnız 2 % artıb.
Komanda üzvlərinin sözlərinə görə, bu gün havada metan səviyyəsi sənaye öncəsi dövrə nisbətən 2,6 dəfə yüksəkdir. Coğrafi olaraq, insan fəaliyyətindən qaynaqlanan metan emissiyaları Avropadan başqa hər yerdə böyüyür, ən böyük sıçrayış Asiyada, xüsusən Çin və Hindistanda müşahidə olunur.
Araşdırmaya görə, son 20 ildə kömür, neft və qaz hasilatından metan emissiyaları 33 %, zibil və tullantı emissiyaları isə 2 0%, kənd təsərrüfatı emissiyaları isə 14 % artıb. İnsanla əlaqəli ən böyük emissiya mənbəyi inək və digər mal-qara olaraq qalır.