Almaniya gələn il təhlükəsizlik və müdafiəyə 75 milyard avrodan çox vəsait xərcləyəcək.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius Bundestaqda çıxışı zamanı bildirib.
“Gələn il ayrıca büdcə planından 53,25 milyard avro ayrılacaq. Bu, əvvəlki ildəkindən 1,3 milyard avro çoxdur. Amma mən tələb edəndən azdır”, - nazir deyib.
Pistorius əlavə edib ki, Bundesver üçün xüsusi fonddan daha 22 milyard avro ayrılacaq.
“Bununla təhlükəsizliyimiz və müdafiəmiz üçün 75 milyard avrodan çox vəsait ixtiyarımızda olacaq. Bu il 30 ildən artıq müddətdə ilk dəfə ÜDM-in 2 %-ni müdafiəyə xərcləyəcəyik... Gələcəkdə daha çox xərcləməli olacağıq, yəni 2 %-dən də çox. Bu qaçılmazdır. Amma müasir dünyada baş verən böhran və münaqişələr fonunda bu da kifayət etməyəcək”, - o söyləyib.
Qeyd olunur ki, çərşənbə günü Bundestaqda 2025-ci il üçün federal büdcə layihəsinin müzakirəsi keçirilir. Büdcənin 480 milyard avrodan çox nəzərdə tutulduğu bildirilir. Ukraynaya hərbi dəstək üçün 4 milyard avronun ayrılması planlaşdırılır ki, bu da 2024-cü ildəkindən iki dəfə azdır.