Çində ilin ən güclü qasırğası olan “Yaqi”nin fəsadları aradan qaldırılmamış ölkə daha bir güclü qasırğanı “qarşılamağa” hazırlaşır.
NUHÇIXAN xəbər verir ki, Çinin meteorologiya mərkəzi qarşıdakı saatlarda “Bebinka” qasırğasının saatda 30-35 kilometr sürətlə ölkənin cənub-şərq sahillərinə yaxınlaşacağını açıqlayıb. Ölkənin Su Ehtiyatları Nazirliyi qasırğanın gətirəcəyi şiddətli yağışlarla əlaqədar Şanxay şəhərində, Ciansu, Cıcian və Anhuy vilayətlərində sel və daşqın xəbərdarlığı elan edib. Güclü yağışlar səbəbindən kiçik və orta çaylarda suyun səviyyəsinin təhlükəli həddə çatacağı gözlənilir. Müvafiq qurumlara, həmçinin əhaliyə sel və daşqınların infrastruktura, evlərə, əkin sahələrinə vura biləcəyi zərərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək tövsiyə olunub.
“Bebinka”nın Çində payız festivalı tətili günlərinə (15-17 sentyabr) təsadüf etməsi milyonlarla insanın səyahət və istirahət planlarını poza bilər. Şanxay şəhərində sentyabrın 15-i günortadan etibarən gəmi səfərləri təxirə salınıb. Bundan başqa, bəzi aviasiya şirkətləri Şanxay hava limanlarında yerinə yetirilməli olan uçuşları ləğv edib, digərləri isə sərnişinlərə biletləri cəriməsiz geri qaytarmaq imkanı yaradıb. Şanxaydan Kunmin və Nannin şəhərləri istiqamətlərində qatarların hərəkəti dayandırılıb, Disneylənddə açıq hava fəaliyyətləri və axşam proqramları ləğv edilib.
Qeyd edək ki, ilin 11-ci qasırğası olan “Yaqi” sentyabrın əvvəlində ölkənin cənubundakı Haynan adasında, eyni zamanda, Quandon əyalətində ciddi dağıntılara və zərərə səbəb olmuşdu. Əhali arasında tələfatın qarşısını almaq üçün qasırğadan əvvəl bir milyondan çox sakin təxliyə edilmişdi.