Mərkəzi və Şərqi Avropada “Boris” qasırğasının səbəb olduğu daşqınlar nəticəsində azı on nəfər həyatını itirib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Qərb mediası məlumat yayıb. Sentyabrın 15-də Rumıniyada 4 nəfərin öldüyü bildirilir.
Həftə sonu kəskin hava şəraiti Çexiya və Polşanın sərhəd bölgələrinə və Rumıniyanın şərqinə ciddi ziyan vurub. Çexiyanın 10 minə yaxın əhalisi olan Litovel şəhərinin təxminən 70 faizi su altında qalıb, tibb müəssisələri və məktəblər bağlanıb. Ölkənin üçüncü ən böyük şəhəri Ostravada elektrik stansiyasının işi dayandırılıb. Ümumilikdə Çexiyada 12 min insan təxliyə olunub. Baş nazir Petr Fiala mövcud vəziyyətlə bağlı bu gün hökumətin fövqəladə iclasını çağırıb.
Polşada təbii fəlakətin nəticələri ilə mübarizəyə minlərlə yanğınsöndürən, polis və hərbçi cəlb edilib. Dəymiş ziyanın həcmi hələlik məlum deyil. Polşa hökuməti ölkədə fövqəladə vəziyyət elan etməyə hazırlaşır.
Mərkəzi Avropada leysan yağışlar səbəbindən çaylar məcrasından çıxıb. Belə ki, Bratislava və Budapeştdə təcili yardım xidmətləri Dunay çayında daşqına hazırlaşır. Avstriyada isə sel sular azalmağa başlayıb. Lakin avstriyalı meteoroloqlar yaxın saatlarda yenidən güclü yağış yağacağını proqnozlaşdırırlar.