Ermənistan milli təhlükəsizlik xidmətinin əməkdaşları hakimiyyəti hərbi çevriliş yolu ilə ələ keçirmək cəhdinin qarşısını alıblar.
NUHÇIXAN TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Ermənistan istintaq komitəsi məlumat yayıb.
Açıqlamaya görə, hərbi çevriliş planı ölkə vətəndaşlarından və keçmiş Qarabağ ermənilərindən ibarət qrup tərəfindən hazırlanıb. İstintaq komitəsi iddia edir ki, qrupun üzvləri Rostov şəhərinə gedərək orada hansısa “Arbat” bazasında təlim keçiblər. “Müəyyən edilib ki, təlimlərin məqsədi Ermənistana qayıtmaq və mövcud hökuməti devirmək olub”, - deyə istintaq komitəsi bildirib.
Qeyd olunub ki, 7 nəfər barəsində cinayət işi başlanıb. Onlardan üçü həbs edilib, dördü isə axtarışa verilib.