Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün sentyabrın 21-də ABŞ-a yola düşəcək.
NUHÇIXAN xəbər verir ki, Türkiyə liderinin çıxışı sentyabrın 24-nə planlaşdırılır.
Prezident Ərdoğan həmin gün Braziliya və ABŞ dövlət başçılarından sonra BMT Baş Assambleyası tribunasından çıxış edəcək üçüncü lider olacaq. Bu, həmçinin Türkiyə Prezidentinin siyasi karyerasında BMT Baş Assambleyasında edəcəyi 14-cü çıxışdır.
Türkiyə Prezidentinin çıxışında əsas mövzular qlobal sistemin ədalətsizliyi və BMT-də islahatların aparılması zərurəti olacaq.
Sentyabrın 27-dək davam edəcək səfər çərçivəsində Ərdoğan dünya liderləri ilə də bir sıra ikitərəfli görüşlər keçirəcək, onlardan bəziləri Nyu-Yorkdakı Türkiyə Evində baş tutacaq.
Bundan əlavə, Türkiyənin dövlət başçısı dünyanın aparıcı şirkətlərinin nümayəndələri ilə də görüşəcək.