Xərçəng hər il milyonlarla insanı səssizcə məhv edir. Hüceyrələrin böyüməsi ilkin mərhələdə heç bir yara izi qoymur və onlar görünən zaman xərçəngin böyüməsi geri dönməyən mərhələyə çatmış ola bilər. Alimlər uzun illərdir ki, xərçəngin müalicəsi üçün tədqiqatlar aparırlar. Avstraliyalı alimlər bal arılarından alınan zəhərin laboratoriya şəraitində bəzi aqressiv döş xərçəngi hüceyrələrini məhv etdiyini müşahidə ediblər.
NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, zəhər və onun tərkibindəki melittin maddəsi üçlü mənfi və HER2 pozitiv olmaqla müalicəsi çətin olan iki süd vəzi xərçənginə qarşı sınaqdan keçirilib. Bu kəşf ümidverici olsa da, alimlər daha çox iş görülməli olduğunu deyiblər. Döş xərçəngi qadınlarda ən çox rast gəlinən xərçəng növüdür. Belə bir irəliləyiş Harri Perkins Tibbi Tədqiqatlar İnstitutunun və Qərbi Avstraliya Universitetinin tədqiqatçıları tərəfindən edilib. Alimlər bal arısının zəhərinin xərçəng hüceyrələrini öldürə biləcəyini müəyyənləşdiriblər.
2020-ci ildə aparılan araşdırma beynəlxalq “NPJ Nature Precision Oncology” jurnalında dərc olunub. Məqalə müəllifləri bal arısının zəhərinin üçlü mənfi döş xərçəngini və HER2 ilə zənginləşdirilmiş döş xərçəngi hüceyrələrini sürətlə məhv etdiyini aşkarlayıblar. Bal arısı zəhərinin və ya melittinin döş xərçənginin bütün müxtəlif alt növlərinə və normal hüceyrələrə təsiri müqayisə edilməyib. Onlar bal arısı zəhərini normal döş hüceyrələrində və döş xərçənginin klinik alt tiplərindən olan hüceyrələrdə sınaqdan keçiriblər.
Harri Perkins Tibbi Tədqiqatlar İnstitutundan və Qərbi Avstraliya Universitetindən Ciara Daffi bildirib: “Tədqiqat üçün mütəxəssislər Qərbi Avstraliya, İrlandiya və İngiltərədə 312 bal arısı və onun zəhərini araşdırıblar. Araşdırma nəticəsində məlum olub ki, melittin 60 dəqiqə ərzində xərçəng hüceyrələrinin membranlarını məhv edə bilir və son dərəcə güclüdür. Melittin xərçəng hüceyrələrinin böyüməsi və hüceyrə bölünməsi üçün zəruri olan xərçəng hüceyrələrinin kimyəvi siqnallarını cəmi 20 dəqiqə ərzində azalda bilib. Melittin bal arısı zəhərinin əsas komponentidir və onun quru çəkisinin təxminən 50 faizini təşkil edir. Bu, iltihab, bakteriya və virus əleyhinə xüsusiyyətləri ilə tanınan kiçik və güclü bir peptiddir. Melittin hüceyrə membranlarını pozaraq işləyir, bu da onu elmi araşdırmalarda, xüsusən də xərçəng hüceyrələrini hədəf alaraq öldürə bilən xərçəng müalicəsində əhəmiyyətli edir”.