Polşa 2023-cü ildə Ukraynanı 1,4 milyard avro dəyərində silahla təmin edib ki, bu da göstərilən dövrdə Varşavanın bütün silah ixracının 80 %-dən çoxunu təşkil edir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Polşanın Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.
Sənədə əsasən, Polşa istehsalçıları Kiyevə 1,419 milyard avro dəyərində silah və hərbi texnika satıblar. Kiyevin əldə etdiyi mallar arasında 49 ədəd “Oncilla” yüngül zirehli transportyoru, 18 ədəd “Krab” özüyeriyən artilleriya qurğusu və 22 ədəd “M74” minaatanı var.
Bundan əlavə, Ukrayna Polşadan 10 mindən çox əl qumbaraatanları və tank əleyhinə raketlər üçün 24,5 min portativ buraxılış qurğusu, həmçinin raket sistemləri alıb.
Nazirliyin məlumatına görə, ümumilikdə Polşa xaricə 1,753 milyard avroluq silah satıb, ölkənin silah ixracı 500 milyon avro dəyərində artım nümayiş etdirib. Ukraynadan savayı, Polşa istehsalı olan silah və texnikanın əsas alıcıları ABŞ, İspaniya və Almaniya olub.