ABŞ Prezidenti Cozef Bayden ukraynalı pilotların F-16 qırıcı təyyarələrində təlimlərinin genişləndirilməsi barədə göstəriş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ağ evin bəyanatında deyilir.
“Ukrayna Hərbi Hava Qüvvələrinin imkanlarını artırmaq üçün Pentaqona F-16 pilotları üçün təlimləri genişləndirməyi, o cümlədən gələn il əlavə olaraq 18 pilota təlim keçməyi tapşırdım”, - deyə Cozef Bayden bildirib.
“The Wall Street Journal” nəşrinin məlumatına görə, hazırda az sayda ukraynalı pilot ABŞ, Rumıniya və Danimarkada F-16 qırıcılarında təlimlərini davam etdirir. Onların dəqiq sayı barədə məlumat verilməsə də, ekspertlər Ukrayna Silahlı Qüvvələrinin bir neçə ay ərzində F-16 qırıcılarının tam eskadrilyasını idarə etmək üçün kifayət qədər pilota malik olacağını düşünürlər.