Yunanıstanın Andravida hava bazasında NATO Hava Qüvvələrinin ən iri təlimləri olan “RAMSTEIN FLAG 24” başlayıb.
NUHÇIXAN xəbər verir ki, oktyabrın 11-dək davam edəcək təlimlərə 140-dan çox təyyarə, o cümlədən ABŞ və İtaliyadan “F-35”, Fransadan “Rafale” və “Mirage 2000”, İsveç və Macarıstandan “Gripen”, İspaniya və İtaliyadan “Eurofighter Typhoon” qırıcıları cəlb olunacaq.
“RAMSTEIN FLAG 24”ün məqsədi NATO-nun hərbi imkanlarını, o cümlədən hava hücumundan müdafiəsini, eləcə də elektron müdaxilələrlə mübarizəni optimallaşdırmaqdır. Yunanıstan Hava Qüvvələri NATO-ya bu təlimlərin ölkənin hava məkanında keçirilməsini təklif edib. Çünki onun coğrafi mövqeyi NATO-nun strateji maraqlarına uyğundur, eyni zamanda, Yaxın Şərq və Qara dəniz bölgələrinə yaxındır.
Təlimlər çərçivəsində Yunanıstan Dəniz Qüvvələri və xüsusi əməliyyat qüvvələri kəşfiyyat, hədəf təyini ilə məşğul olacaq. Təlimlərdə hücum və müdafiə əməliyyatları simulyasiya ediləcək, real döyüş şəraiti yaradılacaq.
Qeyd edək ki, əvvəlcə “F-35”, “Gripen” və “Rafale” təyyarələri bazaya eniş edib və artıq ilk nümayiş uçuşları başlayıb.