Almaniya hökuməti işsizlik müavinətinin alınması qaydalarını sərtləşdirmək istəyir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı Nazirlər Kabinetinin qərarına istinadən məlumat yayıb.
Əgər sənəd təsdiq olunarsa, qaydalar gələn il yanvarın 1-dən qüvvəyə minəcək. Dəyişikliklərə əsasən, bu müavinətləri alanlar, o cümlədən ukraynalı qaçqınlar məşğulluq mərkəzində işləməkdən imtina etsələr və ya görüşləri qaçırsalar, daha sərt sanksiyalarla üzləşəcəklər.
Üzrlü səbəb olmadan işə qəbuldan imtina edildikdə, növbəti üç ay ərzində müavinət 30% azaldıla bilər. Həmçinin mənzil və kommunal xərclər üçün güzəştlər də azaldılacaq. Müavinətlərin azaldılması qeyri-rəsmi işçilərə də şamil ediləcək.
Eyni zamanda, uzun müddət işsizlik müavinəti alanlar işə qəbul edildiyi gündən bir il sonra min avro məbləğində vəsait alacaqlar. Bundan əlavə, Almaniya hökuməti inteqrasiya proseslərini iş yerində təlimlə əlaqələndirərək əcnəbilərin işə götürülməsi prosesini sürətləndirmək istəyir.