Qərbi Balkan regionu ölkələri qlobal miqyasda təhlükəsizlik vəziyyətinin pisləşməsi, davam edən münaqişələr və böhran nöqtələrinin sayının artması fonunda öz hərbi potensiallarını daha da gücləndirməyə, müdafiə sahəsinə yeni investisiyalar yönəltməyə və məcburi hərbi xidməti bərpa etməyə başlayıb.
NUHÇIXAN xəbər verir ki, NATO-ya üzv olan Monteneqro, Şimali Makedoniya, Albaniya, Xorvatiya və Sloveniya ötən dövrdə hərbi büdcələrini artırıb, alyansa üzv olmayan Serbiya və Kosovo da oxşar yolu seçib.
Hərbi neytrallığı ilə tanınan Serbiya müdafiə sahəsinə ən çox investisiya yatıran region ölkəsidir. Bu ölkə son dövrlərdə Fransadan “Rafale” tipli döyüş təyyarələri alıb. Builki hərbi büdcənin 37,9 faizi isə məhz investisiyalara yönəldilib. Serbiyada, həmçinin məcburi hərbi xidmət bərpa olunur. Prezident Aleksandar Vuçiç ölkədə məcburi hərbi xidmətin 75 gün olacağını bildirib.
2017-ci ildə NATO-ya üzv olan və Avropa İttifaqına üzvlük prosesi davam edən Monteneqro ümumi daxili məhsulunun (ÜDM) 2 faizini müdafiə sahəsinə ayırıb. Builki hərbi büdcənin 35,7 faizi sərmayələr üçün ayrılıb. Ölkədə yeni patrul gəmilərinin və helikopterlərin alınması gündəmdədir.
2020-ci ildən NATO-ya üzv olan Şimali Makedoniyada ordu 2006-2007-ci illərdə tam peşəkarlaşıb. Ölkə ordunun modernləşdirilməsinə önəm verir, NATO standartlarına uyğun müdafiə avadanlıqları almağı planlaşdırır.
Regionda müdafiə sahəsində geridə qalan ölkə isə NATO üzvü olmayan Bosniya və Herseqovinadır. Ölkənin mürəkkəb siyasi quruluşa malik olması müdafiə və hərbi sahədə yenilikləri çətinləşdirir. Lakin buna baxmayaraq, Bosniya və Herseqovina Türkiyədən 6 ədəd “Bayraktar TB2” pilotsuz uçuş aparatı (PUA) alacaq.
Nihad Budaqov