Çin bu il 30 raket buraxılışı ilə orbitə 50-dən çox kosmik aparat göndərməyi planlaşdırıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Çinin Kosmos Elmləri və Texnologiyaları Korporasiyası (CASC) məlumat yayıb. Əsas kosmik missiyaların, o cümlədən üçüncü “Long March-5” böyük daşıyıcı raketin buraxılışı iyul üçün nəzərdə tutulub. Əgər “Long March-5”-in üçüncü buraxılışı uğurlu olarsa, o halda ilin sonunda həmin seriyadan olan daşıyıcı raket “Chang'e-5” zondunu nümunələr gətirmək üçün Aya aparacaq.
Bundan başqa, ilin sonlarında Vençan kosmodromunda “Long March-5B” raketinin buraxılışı üçün sınaq təlimləri baş tutacaq. Bu daşıyıcı raket kosmik stansiyaların yaradılmasında təməl rolunu oynayacaq. Belə ki, aşağı Yer orbitinə 22 tondan çox yük daşımaq gücü olan bu raket Çinin kosmosun mənimsənilməsi missiyasına xidmət edəcək. Hazırda bu istiqamətdə işlər cədvələ uyğun davam edir.
İl ərzində orbitə 10 ədəd “BeiDou” naviqasiya peyki göndəriləcək. Bunlar “BeiDou” naviqasiya peyk sisteminin qlobal şəbəkəsini tamamlamağa kömək edəcək.