Ermənistanın Rusiyadakı yeni səfiri: İkitərəfli münasibətləri bizi qane edəcək vəziyyətə gətirmək üçün gəlmişəm
Ermənistanın Rusiyadakı yeni səfiri Qurgen Arsenyan Moskva ilə İrəvan arasında münasibətləri yaxşılaşdırmağa çalışacağını bildirib.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, o, bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasinlə görüşündə söyləyib.
“Bu çətin zamanlarda öz səylərimi göstərmək və Ermənistan-Rusiya münasibətlərini yaxşılaşdırmaq, bizi qane edəcək vəziyyətə gətirmək üçün gəlmişəm. Biz elə addımlar atmalıyıq ki, xalqlar sakit, əmin-amanlıq içində, təhlükəsiz şəraitdə yaşasınlar”, - Arsenyan deyib.
Xatırladaq ki, avqustun 15-də Ermənistan prezidenti Vaaqn Xaçaturyanın baş nazir Nikol Paşinyanın fraksiyasından parlamentdə deputat olan Arsenyanı Rusiyaya səfir təyin etdiyi məlum olub. Sentyabrın 11-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Arsenyanın etimadnaməsinin surətlərini qəbul edib.