Böyük Britaniya hökuməti ölkənin sonuncu kömür elektrik stansiyasının bu həftə bağlanmasından sonra karbon tutma və saxlama obyektlərinin tikintisinə 25 il ərzində 21,7 milyard funt sterlinq (28,4 milyard ABŞ dolları) xərcləməyi planlaşdırır.
NUHÇIXAN xəbər verir ki, bu barədə hökumətin rəsmi saytında yayılan məlumatda deyilir.
“Hökumət minlərlə yeni ixtisaslı iş yeri yaradacaq, milyardlarla özəl sərmayəni stimullaşdıracaq və “xalis sıfır”a keçidin sürətləndirilməsini dəstəkləyəcək ilk CO2 tutma obyektlərinin tikintisinin maliyyələşdirilməsini təsdiqləyir”, - məlumatda deyilir.
İki obyekt Tissaydda (ölkənin şimal-şərqində) və Mersisaydda (şimal-qərb) yerləşəcək. Onlar bu bölgələrdə sənaye mərkəzlərinin böyüməsini asanlaşdıracaq və eyni zamanda ölkənin qalan hissəsini enerji ilə təmin etməklə yanaşı, birbaşa 4 min və dolayı yolla daha 50 minə yaxın iş yeri yaradacaq.
Məlumatda qeyd olunur ki, tullantıların tutulması layihələri təxminən 8 milyard funt sterlinq (10,5 milyard ABŞ dollar) özəl investisiya tələb edə bilər.
Eyni zamanda onlar CO2 emissiyalarını ildə 8,5 milyon tondan çox azaltmağa kömək edəcək ki, bu da təxminən 4 milyon avtomobilin yollardan çıxarılmasına bərabərdir.