“Dövlət borclarına xidmətlə bağlı maliyyədə kritik vəziyyət yaranır. Bu, büdcənin ən böyük xərcinə çevrilə bilər”.
NUHÇIXAN xəbər verir ki, bunu Fransanın iqtisadiyyat və maliyyə naziri Antuan Armand “X” hesabında yazıb.
2025-ci ilin büdcə layihəsini təqdim edən Arman qeyd edib ki, 2025-ci il Fransanın büdcəsinin xərc hissəsi 40 milyard avro azaldılacaq, gəlir hissəsi isə 20 milyard avro artırılacaq. Gəlirləri artırmaq üçün Fransa hakimiyyəti xüsusilə 400 ən böyük şirkətin vergisini artırmaq niyyətindədir.
Öz növbəsində büdcə naziri Loran Sen-Marten qeyd edib ki, hakimiyyət koronavirus pandemiyası zamanı tətbiq edilən sosial müdafiə tədbirlərini mərhələli şəkildə ləğv etməyi planlaşdırır. Bu, xüsusilə, fransızların ən az imkanlı hissəsi üçün elektrik tariflərinin artmasına mane olan “tarif sipəri”nə aiddir.
Hökumətin planlarına görə, gələn il büdcənin ümumi gəlirləri 536 milyard avro, xərcləri isə 684 milyard avro təşkil edə bilər. Beləliklə, kəsir 148 milyard avroya çata bilər. Sentyabrın sonuna qədər Fransanın dövlət borcu 3,2 trilyon avrodan artıq görünməmiş səviyyəyə çatmışdı.