"Apple" şirkəti 2020-ci ildə daha güclü üçölçülü kameraya (3D) malik yeni "iPhone" smartfonu istehsal etmək niyyətindədir.
NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, kamera şirkət tərəfindən hazırlanan əlavə reallıq texnologiyalarını təkmilləşdirməyə imkan verəcək. Yeni uzaq məsafəli 3D kamera 15 fut (təxminən 5 metr) məsafədə işləyə biləcək. Hazırda "iPhone" qurğusunda "Apple Face ID" sifətin tanınması funksiyası işə salınan zaman quraşdırılmış 3D kameralar 25-50 santimetr məsafədə iş üçün nəzərdə tutulub. Bundan əlavə, yeni qurğunun yaradılmasında lazer skanerindən istifadə ediləcək.
Şirkət yeni "iPhone" modellərində daha güclü kameradan istifadə etmək niyyətindədir. Əvvəllər "Apple" şirkətinin planlarına yeni 3D kamera sisteminin 2019-cu ildə buraxılan qurğuların arxa panelində quraşdırılması daxil olsa da, sonradan buna yenidən baxılıb.
Bundan başqa, ABŞ istehsalçısı Yaponiyanın "Sony" şirkəti ilə yeni sistem üçün ötürücülərin sınağı haqqında danışıqlar aparır.