2024-cü ilin sentyabr-oktyabr aylarında ukraynalıların 59 faizi Prezident Volodimir Zelenskiyə inandığını, 37 faizi isə etibar etmədiyini bildirib. May ayından bu yana həmin rəqəmlər demək olar ki, dəyişməyib.
NUHÇIXAN bu barədə Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KIIS) sorğu məlumatlarına istinadla xəbər verir.
Sosioloqların qeyd etdiyi kimi, 2019-cu il prezident və parlament seçkilərindən sonra ukraynalıların 80 faizi Zelenskiyə etibar edib. Lakin 2022-ci ilin fevralına qədər etimad səviyyəsi tədricən 37 faizə enmişdi.
Müharibə başlayandan sonra etimad səviyyəsi 90 faizə qalxdı. 2023-cü ilin dekabr ayının sonunda bu səviyyə 77 faizə, 2024-cü ilin fevralına qədər 64 faizə, 2024-cü ilin mayında isə 59 faizə düşüb. Eyni zamanda, 2024-cü ilin may-sentyabr ayları arasında göstəricilər demək olar ki, dəyişməz qalıb.
KIIS direktorunun müavini Anton Qruşetskinin qeyd etdiyi kimi, Ukrayna “xüsusən də müharibə dövrünün çətinliklərini, qeyri-müəyyən gələcəyi və hökumət komandasının mümkün fərdi uğursuz hərəkətlərini nəzərə alaraq” Prezident Zelenskiyə kifayət qədər yüksək səviyyədə etimad göstərir.
Kiyev Beynəlxalq Sosiologiya İnstitutu 20 sentyabr - 3 oktyabr 2024-cü il tarixlərində 2004 respondent arasında rəy sorğusu keçirib. Bu sorğuya Ukrayna hakimiyyətinin müvəqqəti nəzarətində olmayan ərazilərin sakinləri daxil deyil.