Çin dövləti ilə əlaqəsi olan hakerlər kiberhücumlar nəticəsində İngiltərədəki kritik infrastruktura şəbəkəyə giriş əldə edə biliblər.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Böyük Britaniyanın müdafiə təşkilatlarına, enerji şirkətlərinə, dövlət qurumlarına, Milli Səhiyyə Xidmətinə və texnologiya firmalarına kiberhücumlar həyata keçirilib. Bu cür hücumların sistematik xarakter daşıdığı qeyd edilib.
Agentliyin məlumatına görə, Britaniyanın iyul ayında keçirilən parlament seçkilərinin nəticələrinə görə formalaşmış Leyboristlər hökuməti kompüter sistemlərinin sındırılması faktlarının ictimaiyyətə açıqlanıb-açılmamasını müzakirə edir.
May ayında “Sky News” xəbər vermişdi ki, çinli hakerlər Böyük Britaniyanın Müdafiə Nazirliyinə qarşı hücum həyata keçiriblər. Kiberhücumlar nəticəsində təxminən 270 min britaniyalı hərbçinin şəxsi məlumatları oğurlanıb.
Öz növbəsində Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tsyan bildirib ki, Pekin Böyük Britaniyanın haker hücumları ilə bağlı əsassız ittihamlarını rədd edir və yalan məlumatların yayılmasına son qoymağa çağırır.