BMT Baş katibi Antoniu Quterreş İranın xarici işlər naziri Abbas Araqçi ilə telefon danışığı aparıb, tərəflər Yaxın Şərq regionunda gərginliyin azaldılması zərurətini müzakirə ediblər.
NUHÇIXAN xəbər verir ki, bu barədə dünya təşkilatının başçısının rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.
Düjarrik əlavə edib ki, dünya təşkilatının başçısı İranı Yəməndə saxlanılan BMT əməkdaşlarının dərhal azad edilməsi üçün “Ənsar Allah” üsyançı hərəkatından olan Yəmən husilərə təsir göstərməyə çağırıb.
Xatırladaq ki, iyunun əvvəlində BMT Baş katibinin ofisi BMT sisteminin qurumlarında işləyən 11 Yəmən vətəndaşının saxlanıldığını bildirmişdi. Yəmən hökuməti “Ənsar Allah” üsyançı hərəkatından olan husi təhlükəsizlik qüvvələrinin Əmran, Səəd, Səna və Hodeydə əyalətlərində bir sıra reydlər keçirərək BMT və “Save the Children” və “Oxfam” da daxil olmaqla bir sıra beynəlxalq humanitar təşkilatların əməkdaşlarını saxladıqlarını bildirmişdi.