Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan sosial şəbəkələrdə təhdidlər aldığına görə İstintaq Komitəsinə ifadə vermək üçün çağırılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Joqovurd" qəzeti yazır.
Məlumata görə, parlamentin vitse-spikeri hədə məktubunu Ruben Kasyan adlı istifadəçidən alıb.
Bildirilib ki, o, vitse-spikeri "Vətəndaş müqaviləsi" partiyasının ofisini partlatmaqla hədələyib. Rubinyan onun sözlərini ciddi qəbul etməyib, lakin sonradan partiyanın ofisinin yaxınlığında bomba qoyulması barədə siqnaldan və partiya üzvü Romanos Petrosyanın aldığı hədə məktubundan xəbər tutduqdan sonra təşvişə düşüb.
"Mən Romanos Petrosyandan aldığım mesajla bağlı hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağı xahiş etdim. Ruben Kasyanla bu mesajdan başqa heç bir əlaqəm olmayıb və onu tanımıram", - parlamentin vitse-spikeri bildirib.
Vitse-spiker, həmçinin dəfələrlə hədə və təhqir mesajları aldığını, lakin bunu siyasi fəaliyyətin nəticəsi hesab etdiyi üçün ciddi yanaşmadığını bildirib.