Almaniya Prezidenti Yunanıstanın təzminat tələbinə rədd cavabı verib

A- A A+

Afinada səfərdə olan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Yunanıstan Prezidenti Katerina Sakelaropulunun İkinci Dünya müharibəsində alman ordusunun bu ölkəyə vurduğu zərərlərə görə təzminat tələbini cavablandırıb.

NUHÇIXAN yerli mediaya istinadla xəbər verir ki, dövlət başçılarının görüşündən sonra təşkil olunan mətbuat konfransında Yunanıstan Prezidenti Hitler Almaniyasının ölkəsindən məcburən aldığı və bu günədək qaytarmadığı kreditlərin və müharibə təzminatının ödənilməsinin vacibliyini qeyd edib. Afina 1941-ci ildən 1944-cü ilədək Yunanıstanı işğal altında saxlayan alman ordusunun ölkəyə vurduğu ziyana görə təzminat tələbini uzun müddətdir mütəmadi olaraq gündəmə gətirir.

Frank-Valter Ştaynmayer bu tələbə cavabında Almaniyanın İkinci Dünya müharibəsi zamanı törətdiyi qəddarlığı qəbul etdiklərini və bunun məsuliyyətini daşıdıqlarını vurğulayıb. Lakin o, Yunanıstanın tələbi ilə əlaqədar Almaniyanın təzminatlarla bağlı hüquqi məsələni beynəlxalq hüquqa əsasən artıq yekunlaşdırdığını bildirib.

Dövlət başçısı bu baxımdan Almaniyanın Yunanıstanın Saloniki şəhərində Holokost muzeyinin yaradılması və ölkəsi tərəfindən "Alman-yunan gənclər mübadilə proqramı"nın həyata keçirilməsini diqqətə çatdıraraq qeyd edib ki, İkinci Dünya müharibəsində törədilən cinayətlər olduqca mürəkkəb məsələdir. "Bu məsələ bu gün də əlaqələrimizi müəyyənləşdirməkdədir və bundan çəkinməməliyik", - deyə Almaniya Prezidenti qeyd edib.

Almaniya Prezidentinin Yunanıstana səfəri oktyabrın 31-də başa çatacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: