Ermənistanda ali məktəblərdə və elmi-tədqiqat institutlarında işləyən yüzlərlə alimin işsiz qalacağı gözlənilir. Buna etiraz olaraq Yerevanda etiraz aksiyasının keçirilməsi planlaşdırılır.
NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, artıq Yerevan Dövlət Universitetində işləyən yüzlərlə əməkdaş işdən azad olunduqları barədə bildiriş alıblar. Bunu sosial şəbəkələrdə Ermənistanın keçmiş elm və təhsil nazirinin müavini, universitetin əməkdaşı Vaqram Mkrtçyan bəyan edib. Alim öz statusunda yazıb: “Alimlər inqilabın “meyvələrini” dadırlar. Hökumətin 27 dekabr 2018-ci il tarixli qərarından sonra Yerevan Dövlət Universitetinin mən də daxil olmaqla 450 əməkdaşı öz işini itirəcək. Dünən bizə martın 31-dən etibarən işdən azad olunmağımız haqda bildiriş göndərilib”.
Universitetin mətbuat katibi Gevork Emin-Teryan da bu məlumatı təsdiq edib. O deyib: “Hökumət büdcədəki təhsil fondundan maliyyələşən müəssisələrin vəsaitinin baza hissəsinin müsabiqə əsasında ayrılması barədə qərar qəbul edib. Bu sənədə görə, il ərzində keçiriləcək müsabiqələrdə qalib gələ bilməyən universitetlər maliyyə vəsaiti ala bilməyəcək və fəaliyyətini dayandıracaq. Hökumətin qərarı universitetləri sərbəst şəkildə elmi tədqiqatlar aparmaq imkanından məhrum edir. Artıq laboratoriyalarda işləyən əməkdaşların əksəriyyətinin əmək müqaviləsinə xitam verilib. Beləliklə, 450 nəfər laboratoriyalarda işləyə bilməyəcək”.
Mətbuat katibi əlavə edib ki, hökumətin bu qərarı qanunvericiliyə - elm və elmi tədqiqatlar haqqında qanuna ziddir. Onun sözlərinə görə, Yerevan Dövlət Universitetində fəaliyyət göstərən 30 elmi-tədqiqat mərkəzi və laboratoriyanın əməkdaşları sözügedən qərarın ləğv olunması üçün baş nazir Paşinyana müraciət ediblər və Yerevanın mərkəzində etiraz aksiyası keçirməyə hazırlaşırlar.