WWF-Türkiye: COP29 yeni MSMT prioritetlərinin aydın şəkildə müəyyənləşdirilməsi yolunda sonuncu böyük şansdır
Enerji transformasiyası sahəsində sosial və iqtisadi addımların stimullaşdırılmasını nəzərdə tutan davamlı inkişaf məqsədlərinə nail olmaq üçün dövlətlərin MSMT-ləri (İqlim dəyişikliyi ilə mübarizəyə milli səviyyədə müəyyən edilmiş töhfələr) enerji sektorunda islahatların aparılması üzrə addımları nəzərdə tutmalıdır.
NUHÇIXAN xəbər verir ki, bu barədə Təbiəti Mühafizə Fondunun (WWF-Türkiye) nümayəndələri COP29 çərçivəsində bildiriblər.
WWF-Türkiye əmindir ki, hər beş ildən bir yenilənən MSMT-lərin prioriteti bərpaolunan enerji mənbələrinə diqqət yetirməklə, qazıntı yanacağının istifadəsindən və yeni enerji sistemlərinin formalaşdırılmasından mümkün qədər uzaqlaşma olmalıdır.
“İnkişaf etmiş ölkələr enerji transformasiyasında ön sıralarda olmalı və 2030-cu ildən gec olmayaraq kömürün istifadəsindən imtina etməli, 2035-ci ilə qədər isə təbii qaz istehlakını tədricən azaltmalıdırlar. Eyni zamanda, inkişaf etməkdə olan ölkələr 2040-cı ildən gec olmayaraq inkişaf etmiş ölkələrdən nümunə götürməlidirlər”, - deyə Türkiyə fondu hesab edir.
Bildirilib ki, MSMT-lərdə, həmçinin qazıntı yanacağının emalı nəticəsində buraxılan zərərli qazların emissiyalarının azaldılması üçün dəqiq vaxt qrafiki olmalıdır.
Bununla bağlı tərtib olunan “Yoxlama siyahısı”nın müəllifləri qeyd ediblər ki, dövlətlərin davamlı inkişaf sahəsində BMT məqsədlərinə nail olmağa yönəlmiş vahid strategiya və siyasətə riayət etməsi vacibdir.
WWF-Türkiye İqlim və Enerji Proqramının direktoru Tanyeli Sabuncu jurnalistlərə bildirib ki, hazırkı MSMT-lər dövlətlərə qlobal temperatur artımını 1,5 dərəcəyədək məhdudlaşdıran Paris Sazişinin məqsədlərinə çatmağa imkan vermir. “MSMT-lər dövlətlərin 2035-ci ilə qədər olan dövr üçün aydın və iddialı öhdəliklərini təhmin etməlidir. Üstəlik, enerji kritik əhəmiyyətli amildir, Yer kürəsində bütün istixana emissiyalarının 80 faizi onunla bağlıdır”, - deyə T.Sabuncu əlavə edib.
Onun sözlərinə görə, bəşəriyyət enerji transformasiyası “erası” astanasındadır, onun çərçivəsində “ədalət” prinsipinə riayət etmək xüsusilə vacibdir: “İqtisadiyyatda dəyişikliklər ədalətli əsasda aparılmalıdır. Bu, xüsusilə texnologiya transferi və maliyyələşdirməyə aiddir. Fikrimcə, COP29 yeni MSMT prioritetlərinin aydın şəkildə müəyyənləşdirilməsi yolunda sonuncu böyük şansdır”.