Bu gün Misirin paytaxtı Qahirədə İslam Əməkdaşlıq Təşkilatı tərəfindən keçirilən “Bir millət, mədəniyyətlərin müxtəlifliyi” şüarı altında İslam Festivalının açılışı olacaq.
NUHÇIXAN xəbər verir ki, 20-dən artıq dövlətin nümayəndələrinin iştirak etdiyi festivalın açılış mərasimi Qahirə Opera Teatrında təşkil olunacaq. Tədbirdə islam dünyasına öz töhfələrini vermiş bir sıra islam xadimlərinin xatirəsi anılacaq.
Fevralın 9-dək davam edəcək festival çərçivəsində cürbəcür mədəni və bədii tədbirlər, elmi seminarlar və müxtəlif islam təşkilatlarının təqdimatları keçiriləcək.
Festivalda bir sıra beynəlxalq islam təsisatları, o cümlədən Tarix, İncəsənət və Mədəniyyət Mərkəzi, Ticarətin İnkişafı üzrə İslam Mərkəzi, İslam Həmrəylik Fondu, həmçinin İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı və s. təqdim olunacaq.