ABŞ-ın “Apple” korporasiyası İndoneziyada “iPhone 16” smartfonlarının satışına qoyulan qadağanı aradan qaldırmaq üçün bu ölkəyə 100 milyon dollarlıq investisiya təklifi edib.
NUHÇIXAN “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, İndoneziya hakimiyyətinə edilən təklif planlaşdırılan ilkin investisiyadan on dəfə çoxdur. Belə ki, “Apple” əvvəllər Bandunqda öz smartfonları üçün ehtiyat hissələri və aksesuar istehsal edəcək müəssisəyə 10 milyon dollara yaxın sərmayə yatırmağı planlaşdırırdı.
Cakarta “iPhone 16” və “Google Pixel” smartfonlarının satışlarını həmin cihazların komponentlərinin ən azı 40 faizinin İndoneziyada istehsal olunmasını tələb edən qaydaları pozduğuna görə qadağan edib. Sənaye naziri Aqus Kartasasmitanın sözlərinə görə, satış lisenziyası almaq üçün “Apple” korporasiyası ümumilikdə 1,71 trilyon İndoneziya rupisi (təxminən 109 milyon dollar) həcmində öhdəliyindən qalan 240 milyard rupi (təxminən 15,3 milyon dollar) məbləğində investisiya yatırmalıdır.
Rəsmi Cakarta yerli sənayeni dəstəkləmək və idxaldan asılılığı azaltmaq siyasəti çərçivəsində xarici şirkətlərdən ölkə daxilində məhsul və xidmətlərin istifadəsi ilə bağlı qaydalara riayət olunmasını tələb edir. Bu, müxtəlif yollarla, o cümlədən investisiya yatırımı və ya yerli əhalinin işə götürülməsi yolu ilə həyata keçirilə bilər.
İndoneziyanın smartfon bazarı əhalinin artan sayı və gəliri nəzərə alınmaqla istehlakçılar üçün yetərincə cəlbedicidir.