Özbəkistanda 2025-ci il “Ətraf mühitin mühafizəsi və yaşıl iqtisadiyyat ili” elan edilib.
NUHÇIXAN “UzDaily.uz” informasiya portalına istinadla xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev parlamentin aşağı palatasında çıxışı zamanı deyib. O qeyd edib ki, bu gün iqlim dəyişikliyinin mənfi nəticələri təkcə Özbəkistanda deyil, dünyanın bir çox ölkələrində hiss olunur.
Portal xatırladır ki, müasir ekoloji çağırışlara cavab olaraq üç il əvvəl Özbəkistan ümummilli “Yaşıl məkan” təşəbbüsünü irəli sürüb, həmçinin qonşu ölkələrlə birlikdə regional iqlim strategiyasını həyata keçirməyə başlayıb. Özbəkistan Prezidenti 2025-ci ili “Ətraf mühitin mühafizəsi və yaşıl iqtisadiyyat ili” elan etməklə bu fəaliyyəti yeni səviyyəyə qaldırmağı qarşıya qoyub.
Hökumət müəyyən edilmiş əsas vəzifələrin həyata keçirilməsinə yönəlmiş dövlət proqramı hazırlayacaq.