Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası oktyabrın 26-da keçirilən parlament seçkilərindən sonra formalaşacaq yeni hökumətin başçısının adını açıqlayıb. Hakim partiya hazırkı Baş nazir İrakli Kobaxidzenin yenidən Gürcüstanın Baş naziri vəzifəsinə namizədliyini irəli sürüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının icraçı katibi Mamuka Mdinaradze siyasi şuranın bugünkü iclasından sonra keçirdiyi brifinqdə məlumat verib.
O bildirib ki, partiyanın siyasi şurasının qərarına əsasən, Baş nazir vəzifəsinə namizəd yenə İrakli Kobaxidze olacaq. Parlamentin sədri vəzifəsinə isə yenidən Şalva Papuaşvilinin namizədliyi irəli sürüləcək.