Livan ordusu İsraillə sərhəddə hərbçilərin sayını 10 minədək artıracaq

A- A A+

Livan ordusu ölkənin cənubunda İsraillə sərhəddə hərbçilərinin sayını 10 minə çatdırmağı planlaşdırır.

NUHÇIXAN xəbər verir ki, “Al Jazeera” telekanalı bu barədə Livanın müdafiə naziri Moris Slimə istinadla məlumat yayıb.

Onun sözlərinə görə, respublika ərazisində yalnız Livan ordusu və BMT-nin bu ölkədəki Müvəqqəti Qüvvələri fəaliyyət göstərəcək.

“Biz beynəlxalq qətnamələrə sadiqik və hərbçilərimizi cənub sərhədimizə yerləşdirərək suverenliyimizi təmin edəcəyik”, - deyə nazir bildirib.

Qeyd edək ki, yerli vaxtla saat 04:00-da ABŞ və Fransanın təşəbbüsü ilə Livan və İsrail arasında atəşkəs rejimi qüvvəyə minib. Razılaşmaya görə, “Hizbullah” hərəkatının silahlı dəstələri Litani çayının şimalına çəkilməli, Livan Silahlı Qüvvələri 60 gün ərzində həmin mövqelərə yerləşməli və İsrail ordusu tədricən Livan ərazisindən çıxmalıdır.

Beyrut, həmçinin ölkədəki qanunsuz silahlı birləşmələrin fəaliyyətini dayandıracaq, qaçaqmalçılıq yolu ilə silah daşınmasının qarşısını alacaq və sursat istehsal edən bütün qeyri-qanuni obyektləri sökəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: