Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Livanda atəşkəs razılaşmasını alqışlayıb.
NUHÇIXAN xəbər verir ki, Türkiyə lideri Ankarada hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının iclasında Yaxın Şərqdəki vəziyyəti şərh edib.
Onun sözlərinə görə, “İsrail ilə Livan arasında noyabrın 27-də səhər qüvvəyə minən barışıq anlaşması Ankara üçün məmnunluq mənbəyidir”.
Siyasətçi bütün tərəfləri “ərazidə sakitliyi təmin etmək üçün razılaşmalara açıq-aşkar sadiq olmağa” çağırıb.
Türkiyə lideri Ankaranın Qəzza zolağında uzunmüddətli atəşkəsin təmin edilməsinə mümkün töhfə verməyə hazır olduğunu vurğulayıb.
Dövlət başçısı əmin edib ki, Ankara regiondakı bütün böhranların, o cümlədən Rusiya ilə Ukrayna arasında 1000 gündən artıq davam edən müharibənin dayandırılmasının tərəfdarıdır. O əlavə edib: “Türkiyənin qlobal siyasətin qütblərindən biri kimi rolu gündən-günə güclənir”.