İlon Mask Pekindəki əlaqələri sayəsində ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla ÇXR arasındakı ziddiyyətləri yumşaltmağa kömək edə bilər.
NUHÇIXAN xəbər verir ki, “Financial Times” qəzetinin analitiklərinin sözlərin görə, İlon Mask iki supergüc arasında münasibətlərdə potensial əhəmiyyətli oyunçuya çevrilib.
“Donald Tramp ikinci prezidentlik müddətinə Çinə münasibəti mənfi olan köməkçilərinin əhatəsində başlayacaq. Lakin onun ən yaxın məsləhətçilərindən biri olan İlon Maskın ÇXR-ə münasibəti fərqlidir”, - deyə nəşr vurğulayıb.
Qəzetin məlumatına görə, dünyanın ən varlı insanı Çin rəhbərliyi ilə “sıx əlaqələrə” malikdir. O, bu ölkədəki biznesi ilə bağlı Pekinin mühüm qərarlar qəbul etməsinə can atır. Buraya ÇXR-də milyardlarla dollar güzəştli kreditlərə və vergi güzəştlərinə nail olan “Tesla” elektrik avtomobilləri istehsalatı daxildir.
Analitiklərin fikrincə, İlon Mask Çin rəhbərliyi ilə Donald Tramp administrasiyası arasında münasibətlərin yaxşılaşmasına əhəmiyyətli töhfə verə bilər. Belə ki, “Tesla” şirkətinin maraqlarının Ağ evin yeni sahibinin Çin məhsullarına gömrük rüsumları tətbiq etmək niyyətinə qarşı “çəkindirici” rol oynayacağını gözləmək olar.
Donald Tramp, bundan öncə, Çindən ABŞ-a narkotik vasitələrin qaçaqmalçılığını əsas gətirərək ÇXR mallarına 10 faiz əlavə rüsumlar tətbiq edəcəyini bildirib.
ABŞ-ın yeni seçilmiş prezidenti bildirib ki, hökumətin səmərəliliyini artıracaq və bürokratiya ilə mübarizə aparacaq yeni departamentə milyarder İlon Mask və biznesmen Vivek Ramasvami rəhbərlik edəcək.