Gürcüstanın paytaxtı Tbilisidə Rustaveli prospektində 3 dekabr tarixində keçirilən mitinq zamanı Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları 22 nəfəri saxlayıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.
Məlumata görə, onların hamısı inzibati qayda pozuntuları ilə əlaqədar saxlanılıb.
Gürcüstan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə isə 3 dekabr tarixində etirazlar nəticəsində Təcili Koordinasiya və Təcili Yardım Mərkəzinin briqadaları 15 nəfəri tibbi müəssisələrə yerləşdirib. Onlardan 11-i etirazçı, 3-ü media işçisi, 1-i isə DİN nümayəndəsidir.
"Bəzi yaralılar hələ də klinikalarda həkim nəzarəti altında müalicə alırlar və həyatlarına heç bir təhlükə yoxdur", - məlumatda vurğulanıb.
Qeyd edək ki, Gürcüstan hökuməti 2028-ci ilin sonuna qədər Avropa İttifaqı (Aİ) ilə danışıqların başlanması məsələsini gündəmə gətirməmək və 2028-ci ilin sonuna qədər Aİ-dən heç bir büdcə qrantı almayacağı barədə qərar qəbul edib. Bu qərardan sonra Gürcüstanda etirazlar baş verib. 28 noyabrdan etibarən etiraz aksiyaları Tbilisidə və regionlarda keçirilir.