Bu gün dünya katolikləri Milad bayramını qeyd edirlər.
NUHÇIXAN xatırladır ki, xristian aləminin ən əlamətdar və təntənəli mərasimlərindən sayılan Milad bayramı ənənəyə görə İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur.
Dünya xristianları mənsub olduqları məzhəblərə görə bu bayramı müxtəlif günlərdə (25 dekabr və 6-7 yanvar) keçirirlər və o hazırda yüzdən artıq ölkədə rəsmi dövlət bayramı sayılır.
Milad bayramı əhalisinin əksəriyyətini xristianların təşkil etdiyi bir çox ölkədə qeyri-iş günü hesab edilir. Ancaq xristian əhalinin çoxluq təşkil etmədiyi Hindistan və Malayziya kimi ölkələrdə bu gün rəsmi tətildir.
Bayramı qeyd edən ölkələrin əksəriyyətində mağazaların çoxu həmin gün bağlı olur. Məsələn, İngiltərədə 25 dekabrda heç bir ictimai nəqliyyat vasitəsi işləmir.
Milad bayramının ən əvəzedilməz atributlarından biri də təbii ki, “Santa Klaus”, yəni Şaxta Babadır. Onun obrazının ilham mənbəyi kimi IV əsrdə yaşamış Müqəddəs Nikolas qəbul edilib.
Xarici ölkələrdə bayram hazırlığı bir neçə ay əvvəldən başlayır, böyük şövq və təntənə ilə həyata keçirilir. Bu ərəfədə evlərdə və müxtəlif ictimai məkanlarda şam ağacları bəzədilir və küçələr işıqlandırılır. Milad ərəfəsi şam ağacı bəzəmək adətinin ilk dəfə XVI əsrdə Almaniyada meydana gəldiyi və Avropaya buradan yayıldığı güman edilir.
Ənənəvi Milad süfrəsini hindtoyuğu və tərəvəz bəzəyir. Bununla belə, bayram süfrəsinə düzülən təamlar ayrı-ayrı xalqların adət-ənənəsini də özündə əks etdirir. Belə ki, Siciliyada bayram masasına 12 növ balıq qoyulur. Birləşmiş Krallıq və onun adətlərindən təsirlənmiş ölkələrdə süfrədə hindtoyuğu, qaz əti, ət suyu, kartof və tərəvəzlər olur. Süfrə üçün xüsusi desertlər də hazırlanır ki, bunlardan da başlıcası Milad pudinqi, şirin peçenyelər və meyvəli piroqlardır.
Qeyd edək ki, Azərbaycanda katolik kilsəsində hər il Milad bayramında dua oxunur. Prezident İlham Əliyev hər il Milad bayramında katolikləri təbrik edir.