Rusiya, Gürcüstan və İsveçrənin SGS şirkəti arasında Ermənistanın Gürcüstan ərazisindən Rusiyaya çıxışını təmin edəcək “Yuxarı Lars” marşrutuna alternativ yolun açılması ilə bağlı İsveçrədə keçirilən danışıqlar nəticəsiz qalıb.
NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, bu yaxınlarda Yerevana səfər etmiş Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasinin bu danışıqlarla bağlı bəyanatından sonra erməni hökumətində fevralın sonunadək “Yuxarı Lars” probleminin həll olunacağı, hətta Cənubi Osetiyadan keçməklə yeni marşrut açılacağı barədə ümidlər yaranıb.
Yolun açılmasının əleyhinə çıxan gürcü müxalifəti Gürcüstan hökumətini ittiham edir ki, hakimiyyət bu marşrutu açmaqla faktiki olaraq Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyacaq. Gürcüstan Baş nazirinin danışıqlarda xüsusi nümayəndəsi Zurab Abaşidze bəyan edib ki, bu məsələdə Moskva ilə Tbilisi arasında kiçik irəliləyişlər olsa da, yekun qərar qəbul edilməyib. Rusiya Xarici İşlər Nazirliyi isə problemin həlli məqsədilə işçi qrupu yaradılacağını bildirib.
Yerevan isə yeni işçi qrupunun yaradılmasını məsələnin həllini təxirə salmaq kimi qiymətləndirib.
Xatırladaq ki, Rusiyadan Ermənistana yükdaşımaların 80 faizi “Yuxarı Lars” marşrutu üzrə həyata keçirilir. Lakin burada Cənubi Osetiya problemi səbəbindən Gürcüstanla Rusiya arasında ciddi problemlər mövcuddur. Alternativ yolların açılmasına isə Tbilisi razı olmur. İsveçrənin SGS (Société Générale de Surveillance SA) şirkəti isə danışıqlar prosesinin monitorinqini aparır.