Rumıniyanın radar sistemləri Tulçada hava məkanını pozan kiçik uçan obyekt, ehtimal ki, pilotsuz uçuş aparatı aşkar edib.
NUHÇIXAN xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rumıniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
"Rumıniya ordusunun radiolokasiya sistemi dekabrın 26-da saat 21:04-də Tulçanın Kilia Veke şəhərindən təxminən 15 km şərqdə hava məkanına doğru hərəkət edən kiçik ölçülü hava hədəfi siqnalını aşkar edib. Təcili olaraq prosedurların tələb etdiyi tədbirlər görülüb, o cümlədən Hava Polisi Döyüş Xidmətinin təyyarəsinin havaya qalxmasına hazırlıq aparılıb", - məlumatda qeyd olunub.
Bildirilib ki, Tulçanın Fövqəladə Hallar üzrə Müfəttişliyi də əhaliyə həyəcan siqnalı göndərib. Lakin beş dəqiqədən sonra bu hədəflə radar əlaqəsi tamamilə itirilib.
"Döyüş təyyarələri normativlərdə nəzərdə tutulmuş müddətdə müdaxiləyə hazır olsa da, vəziyyət onların havaya qalxmasını tələb etməyib. Hazırda obyektin ölkə ərazisinə mümkün təsiri barədə məlumat yoxdur", - nazirliyin məlumatında qeyd olunur.
Rumıniya Müdafiə Nazirliyi oktyabrın 18, 19 və 24-də oxşar hadisələr barədə məlumat verib, həmin vaxt radarlar bəzi obyektlərin ölkənin hava məkanına daxil olmasını qeydə alıb.