Qazaxıstan Prezidenti narkotik cinayətlərinə görə ömürlük həbs cəzasını nəzərdə tutan qanunu imzalayıb

A- A A+

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev narkotik vasitələrin istehsalı, eləcə də vəzifəli şəxslər tərəfindən hazırlanması, emalı və istehsalına görə məsuliyyəti sərtləşdirən qanunu imzalayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.

"Qazaxıstan Respublikasının narkotik vasitələrin, psixotrop maddələrin, onların analoqlarının, prekursorların və güclü təsir edən maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi haqqında" qanun çərçivəsində bu cür cinayətlərə görə təqsirli şəxslərə əmlakı müsadirə edilməklə 15 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər.

Qanunla həmçinin vəzifəli şəxslərin narkotiklərin yayılmasına görə daşıdığı cinayət məsuliyyəti sərtləşdirilib. Əgər əvvəllər bu cinayətlərə görə onlara əmlakı müsadirə edilməklə 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası təyin edilirdisə, indi onlar üçün əmlakı müsadirə edilməklə 15 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bununla yanaşı, narkokuryerlər üçün cəzalar bir qədər yüngülləşdirilib. Bu cür cinayətin ilk dəfə ağırlaşdırıcı hallar olmadan törədilməsinə görə əmlak da müsadirə edilməklə 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub (əvvəllər əmlak müsadirə edilməklə 5 ildən 10 ilədək). Cəzanın yüngülləşdirilməsinin səbəbi əksəriyyətinin yeniyetmələr və gənclər olduğu narkokuryerlərin narkotikləri bilavasitə özləri hazırlamaması və emal etməməsi, habelə çox vaxt narkotiklərin qanunsuz dövriyyəsinin təşkilatçıları tərəfindən öz cinayətkar məqsədləri üçün istifadə olunmasıdır.

Lakin cinayətin təkrar törədilməsi əmlak müsadirə edilməklə 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə ilə nəticələnəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: