“Şido” qasırğasının vurduğu Mayotta adasının sakinlərinə cümə günü tövsiyə olunub ki, Hind okeanı arxipelaqına növbəti tropik fırtına yaxınlaşdığı üçün möhkəm binalara sığınsınlar və həftəsonu üçün ərzaq və su ehtiyatı yığsınlar.
NUHÇIXAN xəbər verir ki, Mayotta prefekturasının bəyanatında bildirilir: “Dikeledi” fırtınası şənbə günü Madaqaskardan keçəcək, sonra isə şərqə doğru istiqamət götürəcək. Fırtınanın şənbə günü axşam və bazar günü Mayottadan təxminən 140 km cənubdan keçərək güclü külək və leysan yağışı gətirəcəyi gözlənilir”.
Dekabrın ortalarında Mayottanı son 90 ilin ən dağıdıcı siklonu olan “Şido” qasırğası vurub. Son hesablamalara görə, adaya çox böyük ziyan dəyib, ən azı 39 nəfər həlak olub, minlərlə insan yaralanıb.