Qrenlandiyanın Baş naziri: Biz ABŞ-ın bir hissəsi olmaq istəmirik

A- A A+

Qrenlandiya Vaşinqtonla əməkdaşlığa hazırdır, lakin ABŞ-a birləşmək istəmir.

NUHÇIXAN xəbər verir ki, Qrenlandiya hökumətinin başçısı Müte Eqede bunu ABŞ-ın seçilmiş prezidenti Donald Trampın adaya sahib olmaq iddialarını şərh edərkən deyib.

“Qrenlandiya həmişə NATO-nun bir hissəsi və ABŞ-ın güclü tərəfdaşı olacaq. Biz son 80 ildə Birləşmiş Ştatlarla əməkdaşlıq edirik və düşünürəm ki, gələcək əməkdaşlıq üçün yeni üfüqlər açacaq”, - deyə Müte Eqede Fox News telekanalına müsahibəsində bildirib.

Qeyd edək ki, 1979-cu ildən bəri Danimarkanın tərkibində muxtar ərazi kimi fəaliyyət göstərən Qrenlandiya referendum yolu ilə müstəqilliyini elan etmək hüququna malikdir. 1951-ci ildə Vaşinqton və Kopenhagen adanın müdafiəsi haqqında müqavilə imzalayıb və ABŞ adanı xarici təcavüzdən qorumaq üzrə öhdəlik götürüb. Birləşmiş Ştatlar Qrenlandiyada nüvə silahı daşıya bilən strateji bombardmançıların yerləşdiyi Arktikanın ən böyük aviabazasına malikdir.

Ağ evin gələcək sahibi yanvarın 7-də Qrenlandiyanın ABŞ-ın bir ştatına çevrilməli olduğunu bildirib və bunun milli təhlükəsizlik və azad dünyanın Çin və Rusiyanın təhdidindən qorunması baxımından strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb. Birləşmiş Ştatların yeni seçilmiş prezidenti, eyni zamanda, adaya nəzarəti ələ almaq üçün hərbi gücdən istifadə olunmasını da istisna etmir.

Donald Tramp hələ 2019-cu ildə, ilk prezidentlik dövründə ABŞ-ın Qrenlandiyanı satın ala biləcəyini deyib. O, həmçinin Kanadanın 51-ci ştat kimi Birləşmiş Ştatların tərkibinə qatılması ideyasını fəal şəkildə təbliğ edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: