ABŞ lideri Donald Trampın kadrlar şöbəsi Cozef Baydenin əvvəlki administrasiyası dövründə təyin edilmiş mindən çox insanın işdən çıxarılması proseduruna başlayıb.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, Tramp bu barədə “Truth Social”da yazıb.
"Mənim kadrlar şöbəm əvvəlki administrasiyadan "Amerikanı yenidən qüdrətli edək" konsepsiyamıza uyğun gəlməyən 1000-dən çox prezident təyinatlı şəxsin müəyyənləşdirilməsi və işdən çıxarılması ilə fəal məşğuldur. "Fiziki Sağlamlıq və İdman üzrə Prezident Şurasından Xose Andres, İnfrastruktur üzrə Milli Məşvərət Şurasından Mark Milli, Vudro Vilson Mərkəzindən Brayan Huk və İxrac üzrə Prezident Şurasından Keyşa Lens Bottoms - siz işdən azad edildiniz!", - o yazıb.
Daha əvvəl “The Washington Post” qəzeti mənbələrə istinadən məlumat vermişdi ki, Trampın komandası ABŞ Dövlət Departamentindən bir sıra yüksək vəzifəli karyeralı diplomatların istefasını tələb edib.