ABŞ Prezidenti Donald Tramp Kubanı yenidən terrorizmə sponsorluq edən dövlətlər siyahısına əlavə edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb. Beləliklə, Cozef Baydenin Kubanı terroru maliyyələşdirən ölkələr siyahıdan çıxarmaq haqqında fərmanı cəmi bir həftə qüvvədə qalıb.
Donald Tramp yanvarın 20-də andiçmə mərasimindən sonra əvvəlki administrasiyanın ümumilikdə 78 qərarını ləğv edib.
Xatırladaq ki, 2014-cü ilin dekabrında ABŞ-ın o zamankı prezidenti Barak Obama Vaşinqtonun Havana ilə bağlı əvvəlki siyasətinin nəticə vermədiyini etiraf edərək ikitərəfli əlaqələrin normallaşdırılması və sanksiyaların yumşaldılması istiqamətində addım atıb. 2015-ci ildə Ağ ev Kubanı terrorizmə sponsorluq edən dövlətlər siyahısından çıxarıb.
İki ölkə arasında yaxınlaşma 2017-ci ilin yanvarında respublikaçı Donald Trampın ABŞ administrasiyasına rəhbərlik etməyə başlamasından sonra dayanıb. O, Kubaya səyahət qaydalarını sərtləşdirib və onu yenidən terrorizmə sponsorluq edən dövlətlər siyahısına salıb.