Ermənistan parlamenti, ehtimal ki, respublikanın Avropa İttifaqına (Aİ) daxil olması haqqında qanun layihəsinin qəbul edilməsinə səs verəcək.
NUHÇIXAN "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
"Ermənistan hökumətinin qəbul etdiyi Avropa İttifaqına daxil olmaq haqqında qanun layihəsində heç bir müddət və mexanizmdən söhbət getmir. Bu, vətəndaş cəmiyyətinin təşəbbüsüdür, təşkilatlar lazımi 50 min səsi toplayıb, bu təşəbbüs avtomatik olaraq qanun layihəsinə çevrilib və bu qanun layihəsi parlamentdə səsverməyə qoyulacaq", - A.Mirzoyan Moskvada Rusiya XİN başçısı Sergey Lavrovla birgə mətbuat konfransında vurğulayıb.
Onun sözlərinə görə, güman edilir ki, hakim çoxluq "lehinə" səs verəcək.
İrəvanın Aİ və Avrasiya İqtisadi İttifaqında üzvlüyü arasındakı ziddiyyətlərdən danışan Ermənistan XİN rəhbəri qeyd edib ki, bu məsələdə ziddiyyətlərin olduğu vurğulanır:
"Bunu mühakimə etmək mənlik deyil. Əgər məsələ bu kontekstdə qoyulsa, yəqin ki, baxmaq lazım olacaq".