NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında büdcə məsələlərinin müzakirəsi zamanı işğalçı ölkənin sabiq prezidenti Serj Sarkisyanın mətbuat vasitəsilə ona mesajlar göndərdiyini açıqlayıb. Paşinyan deyib: “Guya yeni hökumət büdcəni formalaşdıra bilmir. Sarkisyan bununla demək istəyir ki, biz vergiləri yığmaqda acizlik nümayiş etdiririk. Nazirlik və komitələrdə çalışanların 90 faizi sənin öz adamlarındır, deməli səriştəsiz olan sənsən”.
Daha sonra Paşinyan Sarkisyanla bağlı bunları xatırladıb: “Mənim onunla bir neçə dəfə təkbətək görüşüm olub. Hər dəfə görüşəndə o, cibindəki vərəqi çıxarıb oxuyandan sonra yadda saxladıqlarını mənə deyirdi. Sonuncu görüşümüzdə vərəqi cibinə qoymağı unutmuşdu. Görüşə başlayanda nə deyəcəyini bilmədi. Köməkçiyə bildirdi ki, otaqdan vərəqi ona gətirsin. Deməli, onun nəzərdə tutulan görüşlərində deyəcəyi sözləri kimsə əvvəlcədən yazıb verirmiş, o da oxuyurmuş. Görüşlərdə bir az diqqətli olmaq lazım idi, çünki ola bilərdi ki, cibindəki vərəqləri səhv salasan”.
Ermənistan Xüsusi İstintaq Xidməti isə həbsdə olan sabiq prezident Robert Köçəryana qarşı daha bir ittiham irəli sürüb. Vəkillərinin sözlərinə görə, o, külli miqdarda rüşvət almaqda ittiham olunur. Xüsusi istintaq komitəsinin apardığı araşdırma çərçivəsində Serj Sarkisyanla keçmiş müdafiə naziri Seyran Ohanyan üzləşdirilib. Üzləşmə 2008-ci il 1 mart istintaqı ilə əlaqədar aparılmayıb. Sarkisyan başqa bir cinayətlə bağlı şahid qismində üzləşdirilib. Ermənistan qanunvericiliyinə görə, üzləşmə eyni iş çərçivəsində sorğulanan şəxslərin ifadəsi üst-üstə düşməyəndə keçirilir. Həmçinin Ermənistanda dövlət büdcəsindən pulun və bir sıra hüquq-mühafizə orqanları əməkdaşları üçün nəzərdə tutulmuş mükafat pullarının mənimsənilməsi üzrə respublika polisinin əməkdaşlarına qarşı cinayət işi başa çatıb. Xüsusi İstintaq Xidmətinin məlumatına görə, ittihamlara əsasən, Ermənistan polisinin Post-Patrul Xidməti İdarəsinin Armavir şöbəsinin rəisi bu bölmənin mühasibi ilə birlikdə iki il ərzində dövlət büdcəsinə köçürülən hesablardan pul mənimsəyib. Hazırlanan sxemə əsasən, mükafatlardan və ya əməkhaqqından gəlir vergisi ödənilməyib. Bu yolla gizlədilmiş pullar tabelikdə olan polislərin hesablarına köçürülüb, onlar isə pulu hesabdan çıxardıqdan sonra rəisə veriblər. Nəticədə Ermənistan polisinin Post-Patrul Xidməti İdarəsinin Armavir şöbəsinin rəisi və mühasib təxminən 110 min ABŞ dolları mənimsəyiblər. Bununla yanaşı, qurum rəhbərliyinin xəbəri olmadan bu mühasib həmin dövrdə ona əmanət edilən təxminən 31,1 min dolları mənimsəyib. Onlara qarşı ittiham irəli sürülüb.
Ermənistan ordusunda da gərginlik və özbaşınalıq davam edir. Bu dəfə sıravi əsgər zabiti güllələyərək öldürüb. Məlumatı Ermənistanın istintaq komitəsi yayıb. Bildirilir ki, əsgər tabeliyində olan silahla baş leytenant Mesrop Qriqoryana atəş açaraq öldürüb. Faktla bağlı cinayət işi açılıb.