“Netflix” abunə qiymətlərini artırır

A- A A+

“Netflix” 2024-cü ilin son aylarında təxminən 19 milyon yeni abunəçi əlavə etdikdən sonra bir sıra ölkələrdə qiymət artımı edəcəyini açıqlayıb.

NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, şirkət ABŞ, Kanada, Argentina və Portuqaliyada abunə qiymətlərini artıracağını bildirib.

Böyük Britaniyada qiymətlərin artırılmasına gəlincə, “Netflix” nümayəndəsi hazırda paylaşılacaq bir məlumat olmadığını deyib. “Netflix”in proqnozlaşdırılandan çox abunəçi sayını keçməsi Cənubi Koreyanın məşhur “Squid Game” serialının ikinci mövsümü və boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson ilə Ceyk Pol arasında keçirilən qarşılaşmanın yayımının təsiri ilə izah olunub.

ABŞ-da demək olar ki, bütün abunə planlarında qiymətlər artacaq. Reklamsız standart abunə haqqı artıq ayda 15,49 dollardan 17,99 dollara yüksələcək. Reklamlı planın qiyməti də 1 dollar artaraq 7,99 dollar olacaq.

“Netflix” ABŞ-da qiymətləri sonuncu dəfə 2023-cü ilin oktyabrında artırmışdı. Həmin vaxt bəzi qiymətlər Böyük Britaniyada da qaldırılmışdı.

Ötən il oktyabr-dekabr ayları arasında “Netflix”in xalis mənfəəti 2023-cü ilin eyni dövrü ilə müqayisədə iki dəfə artaraq 1,8 milyard dollar olub. Şirkətin satışları isə 8,8 milyard dollardan 10,2 milyard dollara yüksəlib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: