Avropa İttifaqı (Aİ) Suriyaya qarşı sanksiyaları ləğv etməyə hazırdır, lakin Dəməşqdəki yeni rəhbərlik öz öhdəliklərini yerinə yetirməzsə, sanksiyalar bərpa edilə bilər.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, belə bəyanatla Avstriya kansleri vəzifəsinin icraçısı, xarici işlər naziri Aleksander Şallenberq çıxış edib.
"Suriya yol ayrıcındadır. Biz sadəlövh deyilik: əgər Dəməşqdəki yeni rəhbərlik öz öhdəliklərini yerinə yetirməzsə, tədbirlər bərpa ediləcək", - "Financial Times" qəzeti nazirə istinadən yazır.
Nəşr qeyd edib ki, Şallenberq və İtaliyanın xarici işlər naziri Antonio Tayani Avropa diplomatiyasının rəhbəri Kaya Kallasa məktub yazaraq Suriyaya qarşı sanksiyalarla bağlı mövqelərini bildiriblər. Diplomatlar "Aİ-nin Suriyaya qarşı sanksiya rejiminin hərtərəfli yumşaldılmasının qəti tərəfdarı olduqlarını” yazıblar. Onların fikrincə, bu qərar "humanitar yardıma çıxışı asanlaşdıracaq və xarici investisiyaları stimullaşdıracaq".
Qeyd edək ki, bu gün Brüsseldə Aİ XİN başçılarının Suriyaya qarşı sanksiyaların ləğvi ilə bağlı görüşü keçiriləcək. Qəzetin məlumatına görə, Avropa diplomatları tərəfindən hazırlanmış yol xəritəsi sanksiyaların altı mərhələli ləğvi prosesini nəzərdə tutur. Aİ nümayəndələri ərəb respublikasına qarşı bütün sanksiyaları ləğv etməyi planlaşdırmırlar. Bu planla bağlı siyasi razılaşma yanvarın 27-də əldə edilə bilər, konkret hüquqi proseslər isə iyuna qədər rəsmi olaraq razılaşdırılacaq.