“Airbus” konserni tələbatın az olması səbəbindən 2021-ci ildən başlayaraq dünyanın ən iri sərnişin təyyarəsinin - A380 avialaynerlərinin istehsalını dayandıracaq.
NUHÇIXAN Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu səbəbdən konsern yaxın üç ildə A380 laynerinin hazırlanmasında iştirak edən 3-3,5 min əməkdaşını ixtisar etməli və ya digər işlərə keçirməlidir.
Qeyd edək ki, dünyanın ən iri sərnişin layneri “Airbus A380” adətən üç sinif sərnişinlər üçün nəzərdə tutulub və orta hesabla 525 nəfəri daşıya bilir. Lakin tam ekonom-klass kimi yığılmış təyyarə hətta 853 sərnişin tutumuna malikdir.
Konsern tələbatın ən yüksək dövründə ildə hər birinin qiyməti 400 milyon dollara yaxın olan 30 ədəd A380 təyyarəsi istehsal edirdi. 2018-ci ildə isə bu model təyyarələrin istehsalı ildə 12 ədədə enmişdi.