ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) “USS Fitzgerald” esminesi gəminin bütün alt sistemlərinin işini nəzarətdə saxlayan süni intellekt əsaslı komplekslə təchiz edilib.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, “Fanthom5” istehsalçı şirkətinin baş direktoru Zak Steyples “The War Zone” portalına açıqlamasında bunun Amerika donanmasında belə sistemə malik ilk hərbi gəmi olduğunu deyib.
“ERM v4” süni intellekt sistemi hərbi gəminin gövdəsinin vəziyyəti, bütün mexanika və elektronika ilə bağlı 10 min müxtəlif parametr və göstəricini daim monitorinq edir. Süni intellekt alqoritmləri müxtəlif şəraitdə esminesə xidmət göstərilməsi ilə bağlı tövsiyələr verir və ayrı-ayrı sistemlərin işində pozuntulara səbəb ola biləcək potensial nasazlıqlar barədə əvvəlcədən xəbərdarlıq edir.
Z.Steyplesin sözlərinə görə, bu il sistem ABŞ HDQ-nin daha bir və ya iki gəmisində də quraşdırılacaq. 2026-cı ildən etibarən isə donanmanın ildə 10-dan çox döyüş gəmisini bu sistemlə təchiz etməsi planlaşdırılır. Sistem gəmilərin daha sabit işləməsini təmin etməli və gözlənilməz nasazlıqların qarşısını almalıdır.