Vaşinqtonda baş verən təyyarə qəzasından bir gün əvvəl başqa bir təyyarə helikopterin peyda olması səbəbindən eniş zolağına ikinci dəfə daxil olmağa cəhd edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə “The Washington Post” hava limanındakı mənbələrə istinadən yazıb.
"American Eagle” aviaşirkətinin 5342 saylı reysinin Ronald Reyqan milli hava limanı yaxınlığında “Black Hawk” ordu helikopteri ilə toqquşmasından cəmi 24 saat əvvəl oraya enmək istəyən başqa bir təyyarə onun uçuş trayektoriyası yaxınlığında helikopterin peyda olmasından sonra eniş zolağına təkrar daxil olmağa məcbur olub", - materialda qeyd olunur.
CNN telekanalı təhlil olunmuş məlumatlara istinadən bildirir ki, Vaşinqtondakı Ronald Reyqan adına hava limanı ərazisində helikopterlərlə təhlükəli yaxınlaşma son aviaqəzaya qədər üç il ərzində ən azı üç dəfə qeydə alınıb.
Təyyarə yalnız ikinci cəhddə uğurla eniş edə bilib.
Xatırladaq ki, “American Airlines” aviaşirkətinə məxsus “Bombardier CRJ700” təyyarəsi Vaşinqtonda Reyqan adına milli hava limanı yaxınlığında “Sikorsky H-60 Black Hawk” hərbi helikopteri ilə toqquşduqdan sonra Potomak çayına düşüb. Təyyarədə 60 sərnişin və dörd ekipaj üzvü, helikopterdə isə üç ekipaj üzvü olub.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, təyyarə qəzası nəticəsində heç kim sağ qalmayıb.